Bu strukturda yer alan hər bir komponentin kəşfiyyat fəaliyyətləri və funksiyaları kontekstində təmin edəcəyi xüsusi töhfələrin və aralarında qurulacaq koordinasiyanın nəhayət vahid mənada kəşfiyyat fəaliyyətlərinin müvəffəqiyyətini artıracaq və gücləndirəcək elementlər kimi nəzərdə tutulan bir sistem faktiki olaraq hər bir ölkədə mövcuddur. Çünki hər bir ölkədə kəşfiyyat icmasını təşkil edən komponentlər və elementlər, bu komponentlər və elementlər arasındakı koordinasiya müxtəlif keyfiyyətlərə, miqyaslara və kontekstlərə malik olsalar da, müəyyən şəkildə özünü göstərir.
Təbii ki, kəşfiyyat icmalarının təbiəti, miqyası və kontekstindəki fərqlər ikili funksiyaya xidmət edir, həm ölkələrin kəşfiyyat mədəniyyətlərini və strategiyalarını əks etdirir, həm də onlara təsir edir. Bu kontekstdə kəşfiyyat icması və onun funksiyaları çərçivəsində ölkələr arasındakı fərqlərin nəticələri də müxtəlifdir. Hər şeydən əvvəl kəşfiyyat icmaları, hədəfləndiyi və planlaşdırıldığı kimi, onu təşkil edən komponentlərin effektivliyi, bu komponentlər arasında koordinasiya və qarşılıqlı əlaqənin düzgün təmin edilməsi ilə kəşfiyyat fəaliyyətləri üçün müsbət nəticələr verə bilər.
Müvafiq olaraq, kəşfiyyat məlumatlarının toplanması və əldə edilən cari kəşfiyyat məlumatlarının prosedurlara uyğun olaraq icma daxilində paylaşılması, ekspertiza və təhlilin istehsalında qarşılıqlı əlaqə və kəşfiyyat nəticələrinin prosedurlara uyğun olaraq bölüşdürülməsi kimi məsələlər kəşfiyyat icmasına uğurlu nəticələr əldə etməyə imkan verə bilər. Bununla belə, kəşfiyyat icmaları strukturlarındakı bəzi problemlərə görə kəşfiyyat uğursuzluqlarının əsas mənbəyinə də çevrilə bilər.
Bu kontekstdə kəşfiyyat icmasının genişliyi, komponentlər arasında rəqabət, ixtisaslaşma və koordinasiya olmaması kimi məsələlər kəşfiyyat fəaliyyətinin uğursuzluğa düçar olmasına səbəb ola bilər. Bu vəziyyət Livanda peycerlər vasitəsilə həyata keçirilən hücumlar kontekstində, “Hizbullah”, İran və İranın dəstəklədiyi milis qruplarının timsalında bir daha konkret şəkildə özünü göstərdi.
İranın Kəşfiyyat İcması və Strategiyası
1979-cu il İslam İnqilabından sonra yaşanan transformasiya təsiri inqilabın qorunması prinsipinə əlavə olaraq inqilabın yayılması və möhkəmləndirilməsi anlayışını da əlavə etməklə, İranda kəşfiyyat fəaliyyətlərində təsirli olacaq paradiqmanı ortaya qoydu.
Buna uyğun olaraq, inqilabı və rejimi ölkə daxilində və xaricdən gələ biləcək təhdidlərə qarşı qorumaqla yanaşı, inqilabi ideologiyanı ölkə daxilində və xaricində yaymaq, kütlələrə çatdırmaq, ideoloji təlimi ən kiçik ictimai vahidlərə qədər tətbiq etmək qəbul edilib. Bunun nəticəsində inqilabın qorunması və inqilabın yayılması prinsipləri müəyyən edilərək, bir-birini ekzistensial olaraq qidalandıran anlayışlar kimi qiymətləndirilib, yeni kəşfiyyat icması və kəşfiyyat strategiyası buna uyğun formalaşdırılıb.
Bu yeni kəşfiyyat icmasının əsas aktorları və komponentləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kəşfiyyat Təşkilatı və VEVAK, VAJA adlarını götürən Kəşfiyyat Nazirliyi olub. Bu iki qurum İranda rejimin təhlükəsizliyi və inqilabın qorunması kontekstində fəaliyyət göstərən əsas aktorlar olub. Bu çərçivədə SEPAH Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyi ölkə daxilində və xaricdə rejim əleyhinə və etnik hərəkatların monitorinqi və zərərsizləşdirilməsi funksiyalarını öz üzərinə götürüb.
Digər tərəfdən, İran Silahlı Qüvvələrinin strukturunun digər tərkib hissəsi olan “Arteş”ə bağlı kəşfiyyat bölməsi, Daxili İşlər Nazirliyinə bağlı polis və hüquq-mühafizə qüvvələrinin kəşfiyyat bölmələri, ədliyyə orqanlarına bağlı kəşfiyyat bölməsi və Müdafiə Nazirliyinə bağlı kəşfiyyat bölmələri də daxili təhdidlərlə mübarizə və milli müdafiəni öz üzərinə götürür. Bununla belə, İranda kəşfiyyat fəaliyyətinə rəhbərlik edən paradiqma çərçivəsində inqilabın qorunması və yayılması komponentinin gətirdiyi yanaşmanın kəşfiyyatın institusional və struktur ölçüsünə əks olunması SEPAH-a bağlı “Bəsic” və “Qüds Qüvvələri” bölmələrində öz əksini tapıb.
Bu strukturlar arasında “Bəsic” ölkə daxilində inqilabı qorumaq və yaymaq missiyasını yerinə yetirərək, İran daxilindəki ən kiçik ictimai birliklər daxilində antiinqilab və rejim əleyhinə təşəbbüsləri aşkar etmək, izləmək və zərərsizləşdirmək, inqilabi ideologiyanı ən kiçik vahidlərə çatdırmaqdan məsuldur.
Bundan əlavə, “Qüds Qüvvələri” bölməsi isə “Bəsic”in ölkə daxilində üzərinə götürdüyü funksiyalara bənzər ölçüdə ölkə hüdudlarından kənarda rejim və antiinqilabçı hərəkatları izləmək və zərərsizləşdirmək, inqilabi ideologiyanı müxtəlif ölkələrə və cəmiyyətlərə, xüsusilə də yaxın ətraf hövzələrə çatdırmaq rollarını öz üzərinə götürür. Bu nöqtədə, bu gün “Qüds Qüvvələri” SEPAH-ın digər müvafiq bölmələri ilə koordinasiyada İranın Livandan Yəmənə qədər qurduğu geniş vəkil və milis qüvvələr şəbəkəsinin də əsas koordinatorudur.
Bu strukturlar “Qüds Qüvvələri”nin koordinasiyası və nəzarəti altında fəaliyyət göstərdikləri ölkələrdə İran rejiminə qarşı çıxan qruplara, hərəkatlara və ya cərəyanlara qarşı mübarizə aparmaq, onları izləmək, məlumat toplamaq və ya zərərsizləşdirmək, İran inqilabi ideologiyasını müvafiq ölkənin cəmiyyətinə yaymaq funksiyalarını yerinə yetirirlər. Bu baxımdan sözügedən qruplar “Qüds Qüvvələri” vasitəsilə İran kəşfiyyat icmasının dolayı hissələridir.
Kəşfiyyat İcması və Kəşfiyyat Uğursuzluğunun Simbiozu
İranın hazırkı kəşfiyyat icması və paradiqması kontekstində milis qruplarının özünə yer tapması İranın kəşfiyyat strategiyasında üstünlüklər yaradan bir vəziyyət kimi dəyərləndirilir. Buna uyğun olaraq milis qrupları, fəaliyyət göstərdikləri ölkələrdə “İran materikinə bağlı” hər bir kəşfiyyat adacığı” müvafiq coğrafiya və bölgədə kəşfiyyat məlumatlarının toplanması, təhlili və paylanması funksiyalarını yerinə yetirə bilən aktorlar kimi təsvir edilir.
Bu strukturu qeyri-dövlət aktorları ilə qurulan anqlosakson kəşfiyyat strukturu olan “5 Göz” icmasının forması ilə qismən müqayisə etmək olar. Ehtimal olunur ki, bu struktur son nəticədə İranın kəşfiyyat imkanlarını və kəşfiyyat fəaliyyətlərində uğur qazanma ehtimalını artırır. Bunun konkret göstəricisi kimi Livandan İraqa, Pakistandan Yəmənə qədər geniş coğrafiyada milis qrupları vasitəsilə İranın nüfuzu göstərilir.
Digər tərəfdən, İranın milis qruplarının daxil olduğu böyük kəşfiyyat icması son illərdə əhəmiyyətli dərəcədə artan kəşfiyyat uğursuzluqlarının əsas səbəblərindən biridir. İran milis qrupları vasitəsilə “materikə bağlı kəşfiyyat adacıqları”na çevirməyə çalışdığı təsir bölgələrində həyata keçirdiyi bu strategiya ilə kəşfiyyat uğursuzluqlarına səbəb olacaq şərait də yaradır. Daxili, qurumlararası və qurumdaxili rəqabət-münaqişə problemləri və kəşfiyyat əks-kəşfiyyat problemləri də İranın doktrina transferi ilə milis qruplarına ötürülür.
Bu vəziyyət milis qruplarının kəşfiyyat fəaliyyətlərində uğursuzluqlarla üzləşməsinə səbəb olur. Bu uğursuzluqlar nəticəsində milis qrupları təşkilati təhlükəsizlik baxımından ciddi itkilər verir. Digər tərəfdən, milis qruplarının təşkilati təhlükəsizlik baxımından yaşadığı bu problem dolayısı ilə İranın təhlükəsizliyinə təsir edə bilər. Milis qruplarının təşkilati strukturlarına sızma sözügedən qrupların təşkilati strukturları, eləcə də İran və İranla bağlı milis qrupları arasında əlaqələr haqqında məlumatlar əldə etməyə imkan verir.
Bu vəziyyət İranın istər Livan, Suriya və İraqda, istərsə də ölkə daxilində öz hərbi personalına, dislokasiya ərazilərinə, kritik fiqurlarına və infrastruktur obyektlərinə qarşı hücumlara müqavimət göstərə bilməyəcəyi və qabaqlayıcı tədbirlərin həyata keçirilə bilməyəcəyi bir zəmin ortaya qoyur. Lakin bu problemlərə görə milis qruplarının və ya birbaşa İranın üzləşdiyi uğursuzluqlar da bu aktorlar arasında inam böhranına səbəb ola bilər. Kəşfiyyatın uğursuzluğu nəticəsində milis qruplarının ciddi itkilərə məruz qalması psixoloji və mənəvi dağıntı yaratmaqla yanaşı, İrana “inam və sədaqətə” də xələl gətirir.
İsrail və ABŞ-nin Livan, Suriya, İraq və Yəməndə milis qruplarına qarşı əməliyyatları və bu əməliyyatlar nəticəsində milis qruplarının verdiyi itkilər İranla bağlı əks-kəşfiyyat problemlərinə aid edilə bilər. Paralel olaraq, İranın ölkə daxilində və xaricində üzləşdiyi uğursuzluqların mənbəyi kimi milis qruplarının əks-kəşfiyyat problemlərini qeyd etmək olar. Bu səbəbdən İran və milis qrupları arasında etimad böhranı yaranıb, artıq bu ünsürlər əks-kəşfiyyatın yetərliliyini artırmaq üçün atılan addımlarda bir-birlərinə qarşı şübhələr inkişaf etdirirlər. Lakin əks-kəşfiyyatın adekvatlığını təmin etmək üçün həyata keçirilən fəaliyyətlər sonda daha böyük kəşfiyyat uğursuzluqları üçün əsas yarada bilər.
Digər tərəfdən, milis qruplarının yaşadığı kəşfiyyat uğursuzluqlarının İrana aid edilməsi də Tehran üçün imic problemi yaradır. Bu vəziyyət kəşfiyyat icmasının kəşfiyyat uğursuzluqlarını nümunə göstərməsi kontekstində mühüm nümunəyə işarə edir.
Firuz Bağırov
Ordu.az